İQTİSADİYYAT
AGBank “İnternet Bank” sistemini tətbiq etmişdir
Bakı, 6 may (AZƏRTAC). 2014-cü il mayın 5-dən AGBank “İnternet Bank” sistemini tətbiq etmişdir. Bu xidmətdən həm bankın indiki, həm də yeni müştəriləri istifadə edə bilərlər.
AGBankda AZƏRTAC-a bildirmişlər ki, “İnternet Bank” sistemi bankın müştərilərinin banka gəlmədən real vaxt rejimində günün istənilən vaxtı, dünyanın istənilən nöqtəsindən hesablaşma, kart, kredit və depozit hesabları üzrə əməliyyatlar aparmasına, mobil operatorların xidmət haqlarını ödəməsinə, kommunal ödənişləri həyata keçirməsinə, hesabdan hesaba və karta (Card to Card) pul köçürməsinə, yerli və xarici valyutada pul köçürmələrini və digər əməliyyatları həyata keçirməsinə imkanı verəcəkdir. Bu sistemin köməyi ilə siz həmçinin mövcud hesablarınızdakı qalıqlar barədə məlumat əldə edə biləcək, hesablar üzrə çıxarışlar, kreditlərin ödəniş və depozitlər üzrə faizlərin hesablanması cədvəllərini əldə edə bilərsiniz.
Sistemdə qeydə alınmaq üçün müştərilər AGBankın istənilən xidmət ofisinə müraciət edə bilərlər. Onlar çox sadə bir anketi doldurmaqla dünyanın hər yerindən onlayn rejimində öz hesablarını idarə edə bilərlər.
“İnternet Bank AGBank” xidmətinin başlıca üstünlüyü “Vasco Token” təhlükəsizlik sistemi, müştəri hesablarının tam təhlükəsizliyini təmin edən parolun generasiyası qurğusudur.
135 nömrəsini yığmaqla Bankın ildə 24 saat/365 gün fəaliyyət göstərən informasiya mərkəzinə zəng vuraraq xidmət haqqında ətraflı məlumat almaq olar.