REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində gənclərin növbəti “Yay məktəbi” təşkil edilib
Şahbuz, 20 avqust, AZƏRTAC
Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Musiqi Kollecinin fəal tələbələrinin iştirakı ilə gənclərin növbəti “Yay məktəbi” təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Yay məktəbi”nin iştirakçıları əvvəlcə “Xəmsə”, “Axtar, tap”, “Xəzinənin axtarışı” və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Gənclər “Girdab” bədii filminə, “Dahi şəxsiyyət” və Aprel döyüşlərindən bəhs edən sənədli filmlərə baxıblar. Onların “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi də təşkil olunub. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
“Yay məktəbi”ndə fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak etmiş gənclərə sertifikatlar verilib.
“Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Gənclər Fondu, Naxçıvan Musiqi Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən təşkil edilib.