REGİONLAR
Ağcabədi idmançıları ilin birinci yarısında 103 medal qazanıblar
Ağcabədi, 23 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Ağcabədi rayon idmançıları dünya kubokunda, beynəlxalq yarışlarda, Azərbaycan çempionatı və birinciliklərində, zona yarışlarda uğurlu nəticələr göstəriblər. İlin altı ayında rayon idmançıları 103 medal qazanıblar ki, onlardan 44-ü birinci, 33-ü ikinci, 26-sı isə üçüncü yerdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədidə keçirilən 2022-ci ilin birinci yarısında idman sahəsində əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələrə həsr olunmuş idmançılarla və məşqçi-müəllimlərlə görüşdə məlumat verilib.
Rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri ilə məşğul olan dərəcəli idmançıların, məşqçi-müəllimlərin iştirak etdiyi tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, Ağcabədi rayonunda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, sərbəst güləş, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir.
Ağcabədi Olimpiya İdman Kompleksinin əməkdaşı Ramil Quliyev, sərbəst güləş idman növü üzrə məşqçi-müəllim Etibar Qəhrəmanov çıxışlarında əldə edilmiş uğurlarla yanaşı yol verilmiş nöqsanlar və onların aradan qaldırılması ilə bağlı fikirlərini bildiriblər.