REGİONLAR
Ağcabədi rayonunda “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində intellektual yarış keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Ağcabədi rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Ağcabədi rayonundakı məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev və Ağcabədi rayon Təhsil şöbəsinin nümayəndəsi Almaz Məmmədova yarış iştirakçılarına öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda 3 komanda qalib gələrək 1, 2 və 3-cü yerləri bölüşüblər. Birinci yeri tutan “Bilik” komandasının üzvləri Bakıda keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. İkinci yeri qazanan “Hünər” və üçüncü yerə layiq görülən “Oğuz” komandasının üzvləri sertifikatlarla təltif olunub.
Xatırladaq ki, “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində ölkənin 9 regionunda intellektual yarışlar təşkil edilib. Yarışın final mərhələsi Bakı şəhərində keçiriləcək.