İQTİSADİYYAT
Ağcabədi rayonunun Muğanlı kəndinə təbii qaz verilmişdir
Ağcabədi, 14 iyun (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağcabədi rayonunun Muğanlı kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin, rayon ictimaiyyətinin nümayəndələrinin və sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Tədbirdə çıxış edənlər qaz çəkilişi münasibətilə sakinləri təbrik etmiş, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Ağcabədinin sürətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulamışlar.
Bildirilmişdir ki, indiyədək Ağcabədi şəhərinə, 16 kəndə, məcburi köçkünlərin istifadəsinə verilmiş 10 ədəd beşmərtəbəli binaya və laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinə təbii qaz verilmişdir. Hazırda Hindarx qəsəbəsinin və 9 kəndin qazlaşdırılması üçün işlər davam etdirilir. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin təbii qazla təmin olunması nəzərdə tutulmuşdur.
Qeyd olunmuşdur ki, Muğanlı kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında, ümumi uzunluğu 25 min 577 metr olan müxtəlif diametrli borular çəkilmiş, 375 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılaraq təbii qaz verilmişdir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.