REGİONLAR
Ağcabədidə atıcılıq yarışının qalibləri mükafatlandırılıb
Ağcabədi, 5 may, AZƏRTAC
Ağcabədidə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblər arasında atıcılıq üzrə rayon birinciliyi keçirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda hər birində 4 nəfər (2 oğlan, 2 qız) olmaqla, 27 komanda iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Qabil Rzayev, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavinin Eldəniz Qənbərov, YAP rayon təşkilatının əməkdaşı Nazim Bünyadov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarışın yekun nəticələrinə görə Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin komandası birinci, 2 nömrəli tam orta məktəbin komandası ikinci, 3 nömrəli orta məktəbin komandası isə üçüncü yeri tutub. Qalib komandalara, şəxsi yarışlarda yüksək nəticə göstərmiş oğlanlara və qızlara medal, diplom və kubok təqdim olunub.