REGİONLAR
Ağcabədidə Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Ağcabədi, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva Azərbaycanda hökm sürən tolerant mühit və ölkəmizdə aparılan multikultural siyasətdən danışıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxış edərək, ölkəmizdə tarixən hökm sürən tolerantlıq və multikultural dəyərlər barədə geniş məruzə edib.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin sədri Əlizadə Nəcəfov çıxışlarında Azərbaycanda tolerant və multikultural dəyərlərə verilən önəmdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən söz açıblar.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.