Ağcabədidə “Breyn-rinq” bilik yarışı keçirilib
Ağcabədi, 6 noyabr, AZƏRTAC
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş gənclər arasında “Breyn-rinq” üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 13 komanda mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən “Snovpiercer” komandası birinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Berserk” komandası ikinci, şəhər 1 nömrəli tam orta məktəbin “Oğuz” yığması isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.