REGİONLAR
Ağcabədidə keçirilən bilik yarışmasında 13 komanda iştirak edib
Ağcabədi, 6 may, AZƏRTAC
Ağcabədidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında onlayn intellektual bilik yarışması keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada hər birində 3 nəfər olmaqla, 13 komanda iştirak edib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov və YAP rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxış edərək, böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Müsabiqədə iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkədə həyata keçirilən iqtisadi islahatlar, gənclər siyasəti və idman, Yeni Azərbaycan Partiyası, 44 günlük müharibədə qazanılan şanlı qələbə, Azərbaycan tarixi və dövlətçiliyi, ölkə həyatında mühüm əhəmiyyət daşıyan hadisələr barədə sualları cavablandırıblar.
Yarışmada Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, 2 nömrəli tam orta məktəbin komandası ikinci, Qaravəlli kənd və Hacıbədəlli kənd tam orta məktəblərinin komandaları üçüncü yerlərə layiq görülüb. Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.