CƏMİYYƏT
Ağcabədidə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb
Bakı, 21 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Ağcabədi rayonu, Aşağı Avşar kənd sakini Hüseynov Fuad Tahir oğluna məxsus evin həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı sandıq tipli soyuducuda mənşəyi məlum olmayan 70 kiloqram heyvan cəmdəyi hissələri, digər sahələrdə isə heyvan sümüklərinin olduğu aşkarlanıb. Keçirilən orqanoleptik baxış zamanı ətin rənginin dəyişkənliyi, qoxusu, eyni zamanda sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan həyətyanı sahədə kəsildiyi müəyyən edilib. İstehlak üçün yararsızlığı müəyyən olunan ət saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.