SİYASƏT
Ağcabədidə Milli Dirçəliş Günü qeyd olunmuşdur
Ağcabədi, 17 noyabr (AZƏRTAC). Ağcabədi Pedaqoji Kollecində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, müəllim və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edənlər bu tarixi günün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışmış, Milli Dirçəliş Gününü xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, imperiya özbaşınalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqınlıq mövqeyinə etiraz əlaməti olaraq başlanan istiqlal mücadiləsi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələnmiş, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimiz dönməz və əbədi xarakter almışdır.
Çıxışlarda ötən əsrin 80-cı illərinin sonu-90-cı illərinin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən bəhs edilmiş, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə azad olunacağına inam hissi vurğulanmışdır.