CƏMİYYƏT
Ağcabədidə özünü jurnalist kimi təqdim edərək komendant postundan yayınmaq istəyən narkotik alverçisi saxlanılıb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt Bakı ilə yanaşı, bölgələrdə də postlar qurulub. Həmin postlarda xidmətin ayıq-sayıq təşkil olunduğunu sübut edən hadisələrdən biri də Ağcabədi rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəbrayıl rayon sakini Zeynullah Əsədov Ağcabədi-Beyləqan yolunda idarə etdiyi “Naz Lifan” markalı avtomobillə komendant rejimini pozduğu üçün rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü əvvəlcə polislərə özünü jurnalist kimi təqdim edərək “Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan onun avtomobilinə baxış keçirilib. Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən satış üçün nəzərdə tutulan 10 bükümdə 83 qram marixuana və heroin, 2 qram metamfetamin, elektron tərəzi, həmçinin kəsici alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Z.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.