Ağcabədidə tədbir: Heydər Əliyev və Azərbaycan muğamı
Ağcabədi, 13 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan muğamı” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev çıxış edərək, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin həm Azərbaycana siyasi rəhbərliyinin birinci mərhələsində, həm də müstəqillik dövründə həyata keçirdiyi mədəniyyət siyasəti milli musiqi dəyərlərinin qorunması, yaşaması və təbliğində yeni tarixi mərhələ yaratdı. Azərbaycanın görkəmli muğam sənətkarlarının ifasını və xidmətlərini müxtəlif təltiflər ilə qiymətləndirən Heydər Əliyev, əslində, bu siyasəti ilə Azərbaycan muğam mədəniyyətini, muğam irsini qiymətləndirir, muğamın mədəni həyatdakı rolunu fəallaşdırırdı.
Çıxışlarda Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən, 2003-cü ildə Azərbaycan muğam sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən də bəhs edilib.
Tədbirin bədii hissəsində Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhəd Təhməzovun və 5-ci sinif şagirdi Səbuhi Əliyevin ifasında “Ala göz”, “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”, “Küçələrə sus səpmişəm” mahnıları səsləndirilib.