REGİONLAR
Ağcabədili fermerlər pambıqçılığın inkişafı ilə bağlı təşəbbüsə böyük həvəslə qoşulublar
Ağcabədi, 1 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Ağcabədi rayonunda zəruri işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 3661 hektar sahədə pambıq əkilib.
Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı və “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə bağlanan müqavilə əsasında becərirlər. Bu il müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı ilə 2265 hektar, “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə 1298 hektarda, “CTS Aqro” MMC-nin Ağdam filialı ilə 97,7 hektarda çiyid səpini həyata keçirilib. Müqavilə bağlamış fermerlər toxum, gübrə, dərman və texnika ilə təmin edilirlər. Növbəti il rayon ərazisində 8 min hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.
Hindarx qəsəbə sakini Akif Hüseynov ağcabədili fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 30 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilirik. Düzgün aqrotexniki qulluq sayəsində yaxşı çıxış alınıb. Hər hektardan orta hesabla 50 sentner məhsul götürməyi qarşıya hədəf qoymuşam”.
Hazırda pambıq sahələrində qozalama dövrüdür. Sahələrdə suvarma, zərərverici və xəstəliklərə qarşı mübarizə və digər aqrotexniki tədbirlər görülür.