REGİONLAR
Ağdam rayonunda kənd təsərrüfatı məhsulları istehsalı artıb
Ağdam, 16 iyul, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda taxıl biçini başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, taxıl istehsalçıları 17 min 840 hektar sahədən 57 min 569 ton məhsul əldə ediblər. Məhsulun 48 min 403 tonu buğda, 9 min 166 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 32,3 sentner təşkil edir. Ötən illə müqayisədə taxıl istehsalı 1386 ton, məhsuldarlıq isə 0,5 sentner artıb.
Rayonda digər kənd təsərrüfatı məhsullarının yığımı da davam edir. Belə ki, 452 hektarda kartof yığımını başa çatdıran fermerlər 7607 ton məhsul götürüblər. Bundan başqa, bu günədək 11 min 84 ton tərəvəz, 322 ton meyvə və giləmeyvə toplanıb.
İlin birinci yarısında Ağdam rayonunda heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilib. İribuynuzlu heyvanların sayı 1,9 faiz artaraq 40 min 125 başa, qoyun və keçilər 0,4 faiz artaraq 105 min 257 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox olmaqla 2088,5 ton ət, 2,8 faiz çox olmaqla 17021,1 ton süd, 0,5 faiz çox olmaqla 157,1 ton yun istehsal edilib.