CƏMİYYƏT
Ağdam rayonunda tank əleyhinə mina aşkarlanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də saat 08:14-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Yusifcanlı kəndində minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə TM-62M minası aşkarlanıb. O, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.