İQTİSADİYYAT
Ağdam rayonunun daha dörd yaşayış məntəqəsinə təbii qaz verilmişdir
Ağdam, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günündə Ağdam rayonunun Xındırıstan və Dadaşlı kəndlərində təbii qazın verilişi bərpa olunmuş, məcburi köçkünlərin məskunlaşdığı Baharlı-1 və Baharlı-2 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən mərasimlərdə çıxış edənlər sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışlar.
Məlumat verilmişdir ki, Xındırıstan və Dadaşlı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 min 640 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 231 abonentə sayğac və qaztənzimləyici quraşdırılmışdır.
Baharlı-1 və Baharlı-2 qəsəbələrində 25 min 454 metr müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Baharlı-1 qəsəbəsində 501, Baharlı-2 qəsəbəsində 337 abonentə təbii qaz verilmişdir. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır.
Açılış mərasimində çıxış edən rayon sakinləri diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılmışdır.