Ağdamda mağazadan oğurluq edilib
Bakı, 22 iyun, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Fikrət Yahyazadə saxlanılıb.
Onun mağazaya qeyri-qanuni yolla daxil olaraq seyfdən 3 min manata yaxın nağd pul oğurladığı müəyyən edilib.
Bundan başqa, keçirilmiş tədbirlərlə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Arzu Məmmədov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və çəkisi 1 kiloqram 390 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.