MƏDƏNİYYƏT
Ağdamda Xalq Artisti Qədir Rüstəmovun xatirəsi anılmışdır
Ağdam, 22 dekabr (AZƏRTAC). Ağdamda milli musiqi sənətimizin görkəmli nümayəndəsi, Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmovun xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağdam Musiqi Texnikumunda keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, texnikumun müəllim və tələbələri iştirak etmişlər.
Musiqi texnikumunun direktoru Laura Ağayeva, rayon icra hakimiyyəti başçısının müavini Arzu Rəhimova və başqaları mərasimdə çıxış edərək Qədir Rüstəmovun həyatından, bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyindən danışmışlar. Bildirilmişdir ki, Qədir Rüstəmov Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti olan sənətkarlardandır. O, musiqi xəzinəmizi həzin və yanğı dolu ifaları ilə zənginləşdirmiş, öz məlahətli səsi, özünəməxsus ifası ilə xalqın sevgisini qazanmışdır.
Qeyd olunmuşdur ki, Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli xanəndə Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mərasimdə Qədir Rüstəmova həsr olunmuş film göstərilmiş, Xalq Artistinin lent yazıları səsləndirilmişdir.