REGİONLAR
Ağdamlı məcburi köçkün: Vahid aylıq müavinətin birbaşa ödənilməsi bizim üçün çox sərfəlidir
Şəki, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman dövlətimizin başçısının bu kateqoriyadan olan insanlara qayğısının daha bir bariz nümunəsidir.
Vahid aylıq müavinətin birbaşa kartla məcburi köçkünlərə ödənilməsi Şəki rayonunun “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsi sakinləri tərəfindən də razılıqla qarşılanıb. 2012-ci ildə istifadəyə verilən qəsəbədə Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Cəbrayıl rayonlarından 423 ailə məskunlaşıb.
Qəsəbədə məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Təvəkkül Bəşirov AZƏRTAC-a müsahibəsində deyib: “Ailəmlə birlikdə 5 ildir burada yaşayıram. Bizim üçün hər cür şərait yaradılıb, daimi işığımız, qazımız var. Prezidentimizin vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı imzaladığı Fərman bizim üçün daha əlverişli və sərfəlidir. Artıq hər bir ailə ay ərzində nə qədər elektrik enerjisi, təbii qaz işlətdiyini biləcək, israfçılığın qarşısı alınacaq. Kommunal xidmətlərdən qənaətlə istifadə edərək, qalan vəsaiti digər ehtiyaclarımıza yönəldə biləcəyik”.
Təvəkkül Bəşirov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə qəsəbə sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.