REGİONLAR
Ağdamlılar 2016-cı ili uğurlu nəticələrlə yola salırlar
Ağdam, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər bir guşəsində olduğu kimi, Ağdam rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Quzanlı qəsəbəsindəki mərkəzi meydanda keçirilən ümumrayon tədbirində çıxış edənlər qarşıdan gələn bayramlar münasibətilə ağdamlıları təbrik edib, xoş arzularını çatdırıblar.
Çıxışlarda yola saldığımız 2016-cı ildə əldə olunan uğurlardan bəhs edilərkən diqqətə çatdırılıb ki, Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılıb, Heydər Əliyev Mərkəzi üçün yeni bina və Bayraq Muzeyi istifadəyə verilib, Muğam Mərkəzinin inşasına başlanılıb. Hazırda Quzanlı qəsəbəsində 360 şagird yerlik liseyin, Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Tədbirdə 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsildə fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olunub. Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.
Bayram tədbiri ədəbi-bədii proqram, rəqslər və rəngarəng musiqi nömrələri ilə davam etdirilib.