CƏMİYYƏT
Ağdaş sakininin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 avqust, AZƏRTAC
Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Ağdaş Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində kömək göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4-cü, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.