REGİONLAR
Ağdaşda heyvandarlığın inkişafı üçün süni mayalanma tədbirlərindən geniş istifadə olunur
Ağdaş, 1 fevral (AZƏRTAC). Son illər Ağdaş rayonunda tətbiq edilən süni mayalanma tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına təkan vermişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, qısırlığa qarşı mübarizə və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Ağdaşda süni mayalanma məntəqələri yaradılmışdır.
Kəndlərdə fəaliyyət göstərən süni mayalanma texnikləri ötən bir ildə 2.261 baş qaramalı süni yolla mayalandırmışlar. Bu da əvvəlki illə müqayisədən 420 baş çoxdur. Süni mayalanmış inək, düyə və camışlardan bir ildə 1.529 baş sağlam bala alınmışdır. Bu, əvvəlki ildəkindən 263 baş çoxdur. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə olunmuş yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalanma üsuluna marağını artırmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində kəndlərdə mal-qaranın cins tərkibi xeyli yaxşılaşmışdır.
Rayonda brusellyoz, qara yara, dabaq, leptospiros, quduzluq xəstəliklərinə qarşı bütün heyvanlara vaksin vurulmuşdur.