İDMAN
Ağdaşda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kross yarışı keçirilmişdir
Ağdaş, 26 aprel (AZƏRTAC). Ağdaşda yeniyetmələrin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VIII ümumrayon spartakiadası davam edir.
AZƏRTAC xəbər verir ki, 14 idman növü üzrə keçirilən spartakiadanın proqramına uyğun olaraq keçirilən kross yarışları başa çatmışdır.
Ağdaş şəhərinin Heydər Əliyev prospektində keçirilən yarışda 43 yerli icra nümayəndəliyindən 400-dək yeniyetmə və gənc idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Tədbirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin rəhbər şəxsləri, rayon idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Kross yarışlarında oğlanlar arasında Dəhnəxəlil, qızlar arasında isə Mürsəl kəndinin idmançıları birinci yeri tutmuşdur.
Qalib idmançılara fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.