REGİONLAR
Ağdaşda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Ağdaş rayon, Şəmsabad kəndinin Vətən müharibəsi şəhidi Əlibəy Feruzlunun doğum günündə xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən şəhid ailəsinə başsağlığı verilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.
Şəhid Feruzlu Əlibəy Samir oğlu 1998-ci il 14 sentyabr tarixində Ağdaş rayonunun Şəmsabad kəndində anadan olub. O, 2016-cı ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb, Bakı şəhərində Daxili Qoşunlarda xidmət edib və 2018-ci ildə hərbi xidməti başa vurub. Ancaq Əlibəyin hərbçi olmaq arzusu onu 2019-cu ildə yenidən hərbi xidmətə yönəldib və həmin ilin avqust ayında Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmətə başlayıb.
O, hərbidə Xüsusi Təyinatlı Kəşfiyyatçı və Snayperçi olub. 2020-ci ilin iyul döyüşlərində iştirak edib və Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə atılıb. Ağdam, Talış kəndi, Suqovuşan, Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Əlibəy ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.