Ağdaşda Zəfər Günü qeyd edilib
Ağdaş, 7 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Ağdaş Dövlət Humanitar Kollecində “Zəfərdən Qürura” adlı təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Çıxış edən natiqlər, şəhid ailələrinin üzvləri və qazilər Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbədən, xalqımızın birlik və həmrəyliyindən danışıblar. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yenilməzliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirib.
Kollecin tələbələri Zəfər Gününə həsr olunan şeir kompozisiyaları, mahnılar və rəqslər təqdim ediblər. İfa olunan hər bir səhnə, oxunan hər bir misra Vətən sevgisi, şəhidlərə ehtiram və qürur hissi ilə səslənib.
Tədbir zamanı çıxış edən kollecin direktoru qeyd edib ki, Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu qələbə Ordumuzun qəhrəmanlığı, xalqımızın iradəsi və dövlətimizin gücü sayəsində qazanılıb. Sonda şəhid ailələrinə və qazilərə kollecin rəhbərliyi adından təşəkkür sözləri çatdırılıb, onların fədakarlığına görə dərin minnətdarlıq ifadə olunub.
Tədbir iştirakçıları vurğulayıblar ki, Zəfər tarixi xalqımızın qürur mənbəyidir, şəhidlərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq.