REGİONLAR
Ağdaşlı fermer yetişdirdiyi pambıq tarlalarından 150 tonadək məhsul gözləyir
Ağdaş, 9 oktyabr, AZƏRTAC
Ağdaş rayonunun Pirkəkə kəndindən olan fermer Anar Məmmədov bu il 70 hektar sahədə pambıq yetişdirib və hazırda məhsul yığımı davam edir.
A.Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq 12 hektarda yığım aparılıb və hələlik 20 ton məhsul toplanıb. Bu günlərdə maşınla yığıma başlandığını söyləyən fermer sahələrin yarıdan çoxunun “ağ qızıl”nın məhz texnikanın qüvvəsi ilə yığılacağını söyləyib.
Qeyd edək ki, fermer A.Məmmədovun bölgədə vaxtilə ənənəvi sahə olan pambıqçılığa marağı böyükdür. Prezident İlham Əliyevin kənd təsərrüfatının bu sahəsinə göstərdiyi diqqət və qayğı, pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi, bu il də satınalma qiymətinin artırılması fermeri təsərrüfatını ildən-ilə genişləndirməyə həvəsləndirib. O, cari mövsümdə tarlalardan 150 ton məhsul toplamaq əzmindədir.