“Ağıllı şəhər, yaşıl gələcək” forumu başa çatıb
Bakı, 1 dekabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə “Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsi çərçivəsində “Ağıllı şəhər, yaşıl gələcək” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın “ağıllı şəhər” həllərinə keçid prosesi, yaşıl enerji və mobillik sistemlərinin modernləşdirilməsi, startap ekosisteminin gücləndirilməsi, şəhərsalma planlaşdırılması, rəqəmsal infrastrukturun effektiv idarə olunması və enerji transformasiyasının strateji istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçirilən ilk paneldə “İnsan mərkəzli ağıllı şəhərlər: Texnologiya insan üçün necə işləyir?” mövzusu müzakirə edilib.
Paneldə Türkiyənin “Smart City and Partners” şirkətinin təsisçisi Anıl Sevinç peyk datalarının fövqəladə halların proqnozlaşdırılması, şəhərsalma və resurs idarəetməsində tətbiqi barədə məlumat verib. O, həmçinin Azərbaycanın su hövzələri və kənd təsərrüfatına dair apardığı analitik araşdırmaları təqdim edib.
Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova şəhərlərin Baş planlarının hazırlanması prosesləri, mövcud çətinliklər və onların həlli istiqamətində atılan addımlar haqqında fikirlərini bölüşüb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Startap ekosisteminə dəstək şöbəsinin rəhbəri Camal Ağayev isə startapların hazırkı statusu, bu sahədə olan maneələr və ekosistemin inkişafı üçün nəzərdə tutulmuş institusional dəyişikliklər və proqramlar haqqında danışıb.
Forumun növbəti “Ağıllı nəqliyyat və dayanıqlı mobillik: Hərəkətdə olan şəhərlər” paneli Azərbaycan Texniki Universitetinin Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müəllimi İltifat Məmmədlinin moderatorluğu ilə davam edib.
Paneldə Türkiyənin “Büyütech” şirkətinin sistem mühəndisliyi üzrə rəhbəri Emir Mehdi Sade böyük verilənlərin nəqliyyat idarəetməsində və mobillikdə tətbiqi, dataya əsaslanan qərarvermə modelləri barədə iştirakçıları məlumatlandırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Rəqəmsal Ekologiya İnformasiya Sistemi İdarəetmə qrupunun rəhbəri Hüseyn Həsənov isə nəqliyyatın ekologiyaya təsirləri, ekoloji monitorinq və şəhər mobilliyinin ekosistemlə əlaqəsi barədə təqdimatla çıxış edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Nəqliyyat şöbəsinin rəhbəri Mürşüd Mehdiyev isə yol infrastrukturu, “ağıllı yol” idarəetmə mexanizmləri, təhlükəsizlik və nəqliyyat axınının optimallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
“Ağıllı Şəhər və Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsinin rəhbəri Günel Qurbanovanın moderatorluğu ilə baş tutan “Alternativ enerji: Yaşıl gələcəyin hərəkətverici qüvvəsi” mövzulu sonuncu paneldə Bakı Dövlət Universiteti rektorunun Keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, alternativ enerji təminatı üzrə ölkənin aparıcı şirkətlərindən biri olan “Helind Enerji” MMC-nin təsisçisi Tamerlan Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rektorunun müşaviri, həmçinin ADA Universitetinin elektrik və elektronika üzrə baş müəllimi Orxan Kərimzadə çıxış ediblər.
A.İlyasov Davamlı İnkişaf Məqsədlərinə xidmət edən sahələrin ali təhsil proqramlarına inteqrasiyası, ölkələrin yaşıl transformasiyası üzrə beynəlxalq reytinq və keyfiyyət monitorinqi mexanizmlərindən danışıb.
İştirakçılara alternativ enerji sahəsində ölkədə tətbiq edilən yanaşmalardan bəhs edən T.Quliyev onları, həmçinin mövcud layihələr və yerli həllər barədə məlumatlandırıb.
Orxan Kərimzadə alternativ enerji texnologiyalarının elmi əsasları, mikroenerji sistemləri və Azərbaycanın alternativ enerji potensialı barədə geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda iştirakçılar “ağıllı şəhər” və yaşıl enerji sahəsində dövlət və özəl qurumlarla vətəndaş cəmiyyəti tərəfdaşlığının gücləndirilməsinin vacibliyini, innovasiya və texnologiya əsaslı yanaşmaların genişləndirilməsinin isə Azərbaycanın 2030 və 2040 hədəfləri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd edək ki, “Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsi çərçivəsində əldə edilən tövsiyələr və nəticələr yaxın günlərdə yekun sənəd şəklində ictimaiyyətə təqdim olunacaq.