İDMAN
Ağır atletika üzrə dünya birinciliyində uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri Vətənə dönmüşlər VIDEO
Bakı, 13 may (AZƏRTAC). Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyində uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri mayın 13-də Vətənə dönmüşlər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olmuşdur. Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılamışlar.
Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov idmançılarımızın qazandıqları uğurları tarixi hadisə kimi qiymətləndirmiş, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, son illər ölkəmizdə idmanın bu növü inkişaf etməkdədir. Kişilərdən ibarət Azərbaycan millisi son Avropa çempionatında 5 medal qazanmışdı. Gənclərdən ibarət kollektivimiz isə Perudan 3 medalla qayıtmışlar. Ümumiyyətlə komandamızın dünya birinciliyindəki çıxışını yüksək qiymətləndirirəm. Otuzdan artıq ölkənin iştirak etdiyi yarışda millimiz komanda hesabında üçüncü olmuşdur.
Yarışın qızıl medalçısı Valentin Xristov (62 kq) qeyd etmişdir ki, dünya çempionu adını qazanmaq çox gözəl hissdir. Ötən ay Albaniyada keçirilmiş qitə birinciliyində Avropa çempionu oldum. Dünya birinciliyinə hazırlaşmaq üçün bir ay vaxtım oldu. Üzərimdə çox çalışdım və istədiyim qalibiyyətə nail oldum. Bunun üçün çox xoşbəxtəm.
Çempionatda gümüş medal qazanmış Nicat Rəhimov (77 kq) demişdir: “Medal qazanacağımı gözləmirdim. Həqiqətən də böyük əziyyət və səbir hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəni qazanmağım üçün çox çalışmışdı. Etimadı doğrultduğuma görə sevinirəm”.
Yarışda millimizin üzvləri Valentin Xristov qızıl, Nicat Rəhimov gümüş, Firudin Quliyev (69 kq) bürünc medal qazanmışlar. Nailxan Nəbiyev (94 kq) isə təkanla qaldırma yarışlarında qızıl medal qazanmışdır. Toplamda 365 kiloqram nəticə göstərən N.Nəbiyev eyni nəticəyə malik olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzmuşdur. Belə ki, atletimiz 93, 11 kiloqram olduğu halda, rəqibinin çəkisi 91, 61 kiloqram olmuşdur. Beləliklə, idmançımız yarışı dördüncü pillədə başa vurmuşdur.
Qeyd edək ki, təkanla qaldırma hərəkətində Valentin Xristov əvvəlcə 166 kiloqramı ram etmişdir. Hadisələrin sonrakı axarı isə maraqlı alınmışdır. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanmışdı.
Beləliklə V.Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlmişdir. İlk cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatmışdır. 178 kiloqram çəkili ştanqı başı üzərinə qaldıran atletimiz çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləmişdir.