REGİONLAR
Ağstafa-Köçəsgər avtomobil yolu yenidən qurulur
Ağstafa, 4 iyun, Famil Quliyev, AZƏRTAC
Son illər Ağstafa rayonunda yol infrastrukturunun əsaslı yenidən qurulması tədbirləri uğurla icra olunmaqdadır. Belə ki, hazırda əsaslı şəkildə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən, uzunluğu 15,5 kilometr olan Ağstafa-Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri sürətlə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatı salınıb və hazırda ikinci qat asfalt örtüyünün vurulması işləri davam etdirilir. Ümumilikdə yola döşənən asfalt-beton örtüyünün qalınlığı 12 santimetr təşkil edir. İki hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 metr olan yolun yatağının eni 12 metrdir.
Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanı və məlumatverici lövhələr, müxtəlif diametrli 18 suötürücü boru quraşdırılacaq.