REGİONLAR
Ağstafada 2000 kiloqramadək yüksək keyfiyyətli barama istehsalı gözlənilir
Ağstafa, 26 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağstafa rayonunda ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın bərpası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, rayonda baramaçılıq sahəsində səriştəsi və təcrübəsi olan şəxslər müəyyənləşdirilib və bu sahənin inkişaf etdirilməsi üçün Balakən rayonundan 35 qutu ipəkqurdu gətirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 16 yaşayış məntəqəsində barama istehsalını nizama salmaq üçün münasib binalar ayrılıb, həmin binalarda aqrotexniki şərtlərə uyğun şərait yaradılıb, otaqlarda dezinfeksiya işləri aparılıb. İpəkqurdunun bəslənməsi və yarpaq tədarükü üçün mütəmadi tədbirlər görülür. Hazırda ipəkqurdunun barama sarımağa başlaması müşahidə edilir. Barama istehsalçıları tərəfindən 2000 kiloqramadək yüksək keyfiyyətli barama istehsalı gözlənilir.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ipəkqurdunun saxlanması ilə məşğul olunan yaşayış məntəqələrində olub, barama istehsalının vəziyyəti ilə yaxından maraqlanıb, kümçülərə tapşırıq və tövsiyələrin verib.