İQTİSADİYYAT
Ağstafada 9 ayın sosial-iqtisadi yekunları müzakirə olunmuşdur
Ağstafa, 3 noyabr (AZƏRTAC). Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirmişdir ki, cari ilin doqquz ayında rayon üzrə ümumi məhsul buraxılışı 58 milyon 788 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz çoxdur.
Sənaye məhsulu istehsalında 10,9 faiz, kənd təsərrüfatı məhsullarında isə 6,1 faiz artım müşahidə olunmuşdur. Ümumi məhsul buraxılışının tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisi 40,2 faiz təşkil etmişdir.
Hesabat dövründə rayonda 510 iş yeri açılmışdır. Təhsil və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür.
1307 ailənin 6 min 548 üzvünə ünvanlı dövlət sosial yardımı ödənilmişdir.