MƏDƏNİYYƏT
Ağstafada kitab bayramı maraqla qarşılanmışdır
Ağstafa, 30 iyun (AZƏRTAC). Ağstafa şəhərində kitab bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin və mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışmışlar. Natiqlər son illər ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, hazırda Ağstafa rayon mərkəzləşdirilmiş kitabxana sisteminin fondunda 345 min nüsxə kitab vardır.
Sonda bir qrup kitabxana işçisinə rayonda kitabxana işinin səmərəli təşkilində nümunəvi fəaliyyətinə görə rayon mədəniyyət və turizm şöbəsinin fəxri fərmanı, kitabxananın fəal oxucularına isə yeni nəşrlərdən nüsxələr hədiyyə olunmuşdur.
Tədbir bayram konserti ilə davam etdirilmişdir.