ELM VƏ TƏHSİL
Ağstafada Respublika Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir
Ağstafa, 27 may (AZƏRTAC). Ağstafa rayonundakı Heydər Əliyev Muzey-Mərkəzində 28 May - Respublika gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışmışdır.
O, həmçinin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etməsindən və dövlətçiliyin yeni inkişaf mərhələsinin başlamasından söhbət açmışdır. Diqqətə çatdırılmışdır ki, bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətlərin xalqın mənafeləri üçün istifadəsi kimi ali prinsipləri ehtiva etdi. Bu uğurlu siyasəti Prezident İlham Əliyevin həyata keçirdiyi zəngin fəaliyyət konsepsiyası daha da gücləndirdi. Azərbaycanın dünyada nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, ayrı-ayrı ölkələr ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulması bu sırada əhəmiyyətli yer tutdu. Prezident İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və ölkəmiz geosiyasi platformada güc və nüfuz sahibinə çevrildi.
Rayon təhsil şöbəsinin məsul işçisi Əli Cəfəroğlu, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İndira Səmədova və Heydər Əliyev Muzey-Mərkəzinin elmi işçisi Laiq Qələndərov tədbirdə 28 May - Respublika Günü ilə əlaqədar məruzələrlə çıxış etmişlər.