İQTİSADİYYAT
Ağsu dairəvi yolunun növbəti hissəsinin çəkilməsinə başlanılmışdır
Ağsu, 22 yanvar (AZƏRTAC). Ağsu şəhərinin Qərb hissəsindən, Bakı-Muğanlı- Yevlax magistralından çəkilən yeni dairəvi yolda işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, keçən ilin noyabrında asfalt-beton örtüklü dairəvi yolun Ağsu-Kürdəmir yolunadək olan 2,5 kilometri istifadəyə verilmişdi. Bununla da istər Bakı-Muğanlı-Yevlax magistralından Kürdəmir istiqamətinə, istərsə də əks istiqamətə hərəkət edən avtomobillərin, xüsusilə yük maşınlarının şəhərə məcburi girişi aradan qalxmışdır.
Hazırda dairəvi yolun Ağsu-Rəhimli hissəsinin çəkilişinə başlanılmışdır. Bu iş başa çatdırıldıqdan sonra avtomobil nəqliyyatının rayonun cənub ərazilərində yerləşən 10-dək yaşayış məntəqəsinə şəhərə girmədən gediş-gəlişi təmin ediləcəkdir.
Yeni dairəvi yolun Ağsu çayı üzərində körpü tikilməklə, Ağsu-Bico-Padarçöl yolunadək uzadılması nəzərdə tutulur.