REGİONLAR
Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərib
Bakı, 4 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif sektorlar üzrə yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinin (KOBİM) dəstəyi ilə Kürdəmir rayonunda arıçılıq, heyvandarlıq və xidmət sahələrində üç yeni sahibkarlıq subyektinin təsis edilməsinə dəstək olunub. KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq subyektlərinə biznesə başlamaq, vergi öhdəlikləri, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi, DSMF ödənişləri, “ASAN İmza”nın alınması və istifadə qaydaları ilə bağlı məsləhət xidməti, eləcə də fərdi sahibkar kimi qeydiyyatdan keçmələri üçün dəstək göstərilib.
Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər məsləhət xidməti üçün KOBİM-ə müraciət edə bilərlər. Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.