Ağsuda bayram sevinci
Ağsu, 30 dekabr, AZƏRTAC
Ağsu şəhərinin mərkəzindəki Heydər parkında 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında bayramsayağı bəzədilən parkda, açıq havada keçirilən bayram tədbirində aparıcı iştirakçıları təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şənlik çərçivəsində 5 nəfər şəhidin valideyninə Prezidentin Sərəncamı ilə verilən ordenlər təqdim olunub.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb. Musiqiçilərin, o cümlədən nağaraçılar qrupunun çıxışları maraqla qarşılanıb.