REGİONLAR
Ağsuda bələdiyyə işçiləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edilib
Bakı, 21 iyul (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi çərçivəsində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə işçiləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduqları təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunub, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. Yerli icmaların nümayəndələri, həmçinin ətraf mühitin qorunması haqqında mövcud qanunvericilik, bölgədəki ekoloji durum, mədəni irs abidələri, kənd yerlərində turizmin inkişaf etdirilməsi imkanları haqqında məlumat alıblar.
İctimai Birliyin sədri Fariz Xəlilli hər üç kənddə təlim iştirakçılarını layihə çərçivəsində daha əvvəl burada aparılmış ekoloji və etnoqrafik vəziyyətin monitorinqi və araşdırılması, eləcə də sorğuların nəticələri ilə tanış edib.
Təlimlərdə Azərbaycanda ətraf mühitin qorunmasına dövlət tərəfindən mühüm əhəmiyyət verilməsinin göstəricisi kimi bu istiqamətdə yaradılmış rəsmi qurumlar, qanunlar, proqramlar, eləcə də beynəlxalq konvensiyalar haqqında danışılıb. Dünyada kənd turizminin inkişaf təcrübəsi və Ağsu rayonunun kəndlərində bu təcrübələrin tətbiqi imkanları barədə məlumat verilib, müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Qərara gəlinib ki, kənd ictimaiyyətinin nümayəndələrindən ibarət könüllü qrupları yaradılsın, ekspertlərin təlimatları əsasında layihənin icraçıları ilə birlikdə kəndlərdə təmizlik işləri aparılsın və gələcəkdə ekoloji təmiz kənd mühitinin saxlanması yolları axtarılıb tapılsın.
Təlimlərin sonunda hər üç kəndin məktəb və kənd kitabxanalarına ekologiya və etnoqrafiya mövzularında, eləcə də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrlərindən ibarət kitab və kitabçalar hədiyyə edilib.
Bu ilin mart ayından başlanan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilir.