İQTİSADİYYAT
Ağsuda heyvandarlıq məhsulları istehsalı artmışdır
Ağsu, 20 oktyabr (AZƏRTAC). Ağsu rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq dinamik inkişaf etməkdədir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, 2013-cü ilin doqquz ayında Ağsuda 21,7 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 5 milyon manat çoxdur.
Doqquz ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 29 ton artaraq 3698 tona, süd istehsalı 323 ton artaraq 19 min 548 tona, yumurta istehsalı 114 min ədəd artaraq 5806 min ədədə, yun istehsalı isə 4 ton artaraq 294 tona çatmışdır.
2012-ci ilin doqquz ayı ilə müqayisədə mal-qaranın sayı da çoxalmışdır. Doqquz ayın yekununa görə iribuynuzlu heyvanların sayı 101 baş, davarların sayı isə 1381 baş artmışdır.