REGİONLAR
Ağsuda ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Ağsu, 6 avqust, AZƏRTAC
Ağsuda keçirilən şura iclasında 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətin başçısı Ənvər Seyidəliyevin məruzəsində, eləcə də çıxışlarda yarım ilin bir sıra uğurlu nəticələrlə yekunlaşdığı bildirilib. Qeyd olunub ki, hesabat dövründə ümumi məhsul buraxılışının həcmi 7 milyon 644,9 min manat artaraq 104 milyon 715,3 min manata çatıb. Adambaşına ümumi məhsul buraxılışı 1302,8 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,6 min manat çoxdur. Ümumi məhsul buraxılışında sənaye məhsullarının həcmi 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2,2 dəfə və ya 5 milyon 191,5 min manat artaraq 9 milyon 358,2 min manat təşkil edib.
İclasda fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərdən də danışılıb. Bildirilib ki, yaradılmış komissiya tərəfindən baxılan 3085 evdən 355-i qəzalı hesab edilib. 512-nin bərpa-gücləndirməyə, 2104-nün təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. İndiyədək 95 evin təmiri başa çatdırılıb, 152 yaşayış evin təmirinə başlanıb. Habelə, 200 evin bərpa-gücləndirmə işlərinə başlanılıb, 101 evdə işlər sona çatdırılıb. Heydər Əliyev Fondu tərəfindən 36 fərdi yaşayış evinin tikintisi gedir, onlardan 21-də işlər başa çatdırılıb, 1 evin dam örtüyü dəyişdirilib.
Həmçinin qeyd olunub ki, Ağsuda sənaye məhsullarının istehsalında uğurlu nəticələr qazanılıb. Belə ki, ümumi məhsul buraxılışında sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə və ya 5 milyon 191,5 min manat artaraq 9 milyon 358,2 min manata çatıb. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 87,2 faiz təşkil edib.
Aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın, pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı rayonda bu sahələrin inkişafına güclü təkan verib. Cari mövsümdə 400 qutu ipəkqurdu toxumundan 9955,3 kiloqram barama toplanaraq “Azər-İpək” MMC-yə təhvil verilib. Bu ilin məhsulu üçün 1000 hektarda pambıq əkilib və hazırda becərmə işləri davam etdirilir. Kənd təsərrüfatının aparıcı sahəsi olan taxılçılıqda da yaxşı nəticələr qazanılır. Cari ilin məhsulu üçün 36 min 355,5 hektar sahədə taxıl əkilib. Artıq biçin başa çatmaq üzrədir. İndiyədək sahələrdən 116 min 420 ton məhsul toplanıb. Heyvandarlıqda da uğurlu nəticələr əldə olunub. Məhsul istehsalına görə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən artıb.
Məruzə və çıxışlarda tikinti-quraşdırma işləri, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı sahəsində görülən işlər, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.