REGİONLAR
Ağsuda Könüllülər Kuboku proqramına daxil olan şahmat idman növü üzrə turnir keçirilib
Ağsu, 28 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Ağsuda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Könüllülər Kubokunun proqramına daxil olan şahmat idman növü üzrə 16-29 yaşlı gənclər arasında rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən və avqustun 28-də başa çatan turnir koronavirus pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə açıq hava şəraitində, şahmat parkında baş tutub. On üç şahmatçının qatıldığı yarışlar dairəvi sistem üzrə keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda I yerə Elbəy Babalı, II yerə Pünhan İsmayılov, III yerə isə Məhəmmədhüseyn Təhmasib çıxıblar. Qaliblər diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, Könüllülər Kuboku proqramına daxil olan yarışların keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət göstərən gəncləri bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyəti artırmaqdır.