REGİONLAR
Ağsuda “Nəsimi ili” çərçivəsində yubiley-gecə keçirilib
Ağsu, 21 avqust, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə müəssisəsində “Nəsimi ili” çərçivəsində təşkil olunan silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində keçirilən yubiley-gecədə ziyalılar, ictimaiyyət nümayəndələri, Nəsimisevərlər, kənd folklor evinin üzvləri, rayon mədəniyyət mərkəzinin “Qönçə” xalq çalğı alətləri ansamblının “Aşıqlar” qrupunun üzvləri iştirak ediblər.
Çıxışlarda Azərbaycan xalqının bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəfəkkir şair, insanpərvərlik və azadlıq nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi ili” elan olunması diqqətə çatdırılıb, dahi şairə həsr olunan tədbirlərdən danışılıb.
Yubiley-gecədə mütəfəkkir şairin şeirlərinə bəstələnən mahnılar oxunub, qəzəlləri səsləndirilib. Tədbirdə iştirakçılar Nəsiminin əsərlərindən ibarət sərgi ilə də tanış olublar.