REGİONLAR
Ağsuda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”nə həsr edilən seminar keçirilib
Ağsu, 21 iyun, AZƏRTAC
Ağsuda rayon kənd təsərrüfatı idarəsinin təşkilatçılığı ilə “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”nə həsr edilən maarifləndirici seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaraqoyunlu kəndi ərazisində, fermer Sirac Məmmədova məxsus pambıq tarlasında təşkil olunan seminarda pambıqçılıqla məşğul olan fermerlər, mexanizatorlar iştirak ediblər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Elxan Abdullayev maarifləndirici seminarın məqsədlərindən danışaraq bildirib ki, cari mövsümdə bölgədə 2600 hektarda pambıq yetişdirilir. Gələcək yüksək məhsul üçün zəruri aqrotexniki tədbirlərin vaxtlı-vaxtında aparılmasının vacib olduğunu qeyd edən E.Məmmədov pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri barədə də ətraflı məlumat verib. Vurğulayıb ki, pambıq bitkisi üzərində 200 növdən çox müxtəlif növ ziyanlı orqanizmlər var. Azərbaycanda pambıq sovkasının, hörümçək gənəciyinin, tütün tripsinin və mənənələrin daha çox yayıldığını diqqətə çatdıran natiq zərərvericilərə qarşı mübarizədə ehtiyatlı olmağın, bütün təlimati qaydalara əməl etməyin zəruriliyini bildirib.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti Ağsu rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu Ramiz Məmmədov, aparıcı aqronom Mayıs Yolçiyev bitki mühafizəsi zamanı aparılan texniki təhlükəsizlik tədbirləri barədə tələb olunan təlimati məsələlərlə əlaqədar ətraflı izahat veriblər. Mütəxəssislər bildiriblər ki, pestisidlərin tətbiqi zamanı işçilər xüsusi geyimlərlə təmin edilməli, kimyəvi mübarizə aparılan ərazi xəbərdaredici nişanlar və plakatlarla təmin olunmalıdır. Pestisidlərlə işləyən şəxslər onun xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması, istifadə sayı haqqında tam məlumatlı olmalıdırlar. Onun tətbiqi zamanı qonşu ərazilərin və sahələrin sahibləri, torpaq mülkiyyətçiləri, fermerlər ərazidə aparılan kimyəvi mübarizə və texniki təhlükəsizlik tədbirləri ilə qabaqcadan məlumatlandırılmalıdır. İşçi məhlulu hazırlanarkən və tətbiq edilərkən ərazilərə uşaqların, xəstələrin, hamilə qadınların buraxılması qadağandır. Kimyəvi mübarizə tədbirlərinin axşamlar aparılması məqsədəuyğundur.
Seminarda Ramiz Məmmədov pambıq bitkilərində sovka və mənənələrə qarşı işlədilən INDOX SUPER, SK preparatının hazırlanma qaydasını əyani şəkildə iştirakçılara göstərib, verilən sualları cavablandırıb.