REGİONLAR
Ağsuda polis işçilərinin peşə bayramı qeyd olunub
Ağsu, 2 iyul, AZƏRTAC
Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Polisi Gününə həsr edilən təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin, polis veteranlarının qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və çiçəklər qoyublar.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Ulu Öndərin həyat və fəaliyyətinə dair fotoşəkillərlə və digər sənədlərlə tanış olublar.
Təntənəli yığıncaqda rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eldar Paşayev Azərbaycan polisinin keçdiyi şərəfli yol və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətləri barədə məruzə edib.
Çıxışlarda Prezident İlham Əliyevin daimi diqqət və qayğısının, ciddi tələbkarlığının Azərbaycan polisinin fəaliyyətindəki uğurlarda xüsusi əhəmiyyəti vurğulanıb.
Təntənəli yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıblar.
Sonda xidməti vəzifəsində fərqlənən bir qrup polis əməkdaşına döş nişanı və fəxri fərman verilib.