CƏMİYYƏT
Ağsuda Respublika Ağsaqqallar Şurasının zona müşavirəsi keçirilmişdir
Ağsu, 3 dekabr (AZƏRTAC). Ağsuda Respublika Ağsaqqallar Şurasının zona müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə Respublika Ağsaqqallar Şurasının Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Zərdab rayonları şöbələrinin sədrləri, habelə fəallar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları “Veteranlar evi”nə gəlmiş, burada ahıl insanların istirahəti üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Müşavirəni giriş sözü ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolundan, onların zəngin həyat təcrübəsinin gənc nəslə örnək olduğundan danışmış, ölkəmizdə bu cür insanlara göstərilən dövlət qayğısından bəhs etmişdir.
Müşavirədə Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov çıxış etmişdir. Natiq coğrafiyaşünas alim kimi respublikamızın bütün bölgələri ilə yaxından tanış olduğunu, hər yerdə hər bir ağsaqqala diqqət və qayğının zəruriliyini söyləmişdir.
Natiq Azərbaycanın dövlət müstəqilliyini qazanmasından ötən 20 ildə qazandığı böyük uğurlardan danışmış, ölkəmizin bu gün türk dünyasındakı mövqeyindən bəhs etmişdir.
Ağsaqqalların bugünkü həyatımızda böyük rolundan danışan akademik Budaq Budaqov bölgələrlə əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini, Respublika Ağsaqqallar Şurasının təsis etdiyi “Ağsaqqallar dünyası” qəzeti ilə fəal əməkdaşlığın vacibliyini vurğulamışdır. Natiq, həmçinin ağsaqqalların bölgələrin ictimai-mədəni həyatında rolunun artırılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
Zona müşavirəsində çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevlə bağlı xatirələrindən, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ahıl insanlara diqqət və qayğısından danışmışlar.
Müşavirəni akademik Budaq Budaqov yekunlaşdırmışdır.