SİYASƏT
AĞSUDA “UŞAQ İLİ”NİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Ağsu, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Ağsuda “Uşaq ili”nin yekunlarına həsr edilmiş toplantı keçirilmişdir.
“Uşaqlar bizim gələcəyimizdir” devizi altında keçirilən tədbirin iştirakçıları və qonaqlar əvvəlcə Heydər parkında ulu öndərimizin abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuşlar. Sonra iştirakçılar Mədəniyyət sarayının foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxmışlar.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Akif Mirzəyevin “Uşaq ili çərçivəsində Ağsu rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur.
Ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsinin, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılmasının, uşaqların sağlam və firavan, təhsilli böyümələrinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayan natiqlər bu sahədə “Uşaqlar bizim gələcəyimizdir!” deyən ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən danışmışlar. Ölkədə bu ilin “Uşaq ili” elan olunmasının, respublikamızda həyata keçirilən çoxsaylı tədbirlərin dövlət başçısının bu məsələyə böyük diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən natiqlər uşaqların qayğı və problemlərinin həllində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən bəhs etmişlər.
Məlumat verilmişdir ki, “Uşaq ili” Ağsu rayonunda silsilə tədbirlərlə yadda qalmışdır. “Uşaqlar dünyaya açılan pəncərədir”, “Yer kürəsini uşaqlar üçün qoruyaq”, “İşıqlı gələcəyimiz naminə”, “Uşaqlar bizim sevincimizdir” və s. mövzularında dəyirmi masalar, ədəbi-bədii əyləncələr keçirilmişdir. “Uşaqlar dünyanın sevincidir” devizi altında mahnı, rəqs və bədii qiraət müsabiqəsi də yaddaqalan olmuşdur.
Toplantıda, rayon təhsil şöbəsi, gənclər və idman idarəsi, mədəniyyət və turizm şöbəsi, mərkəzi rayon xəstəxanası, əmək və əhalinin sosial müdafiəsi mərkəzi və s. təşkilatların həyata keçirdikləri tədbirlərdən də söz açılmışdır.
Məruzə və çıxışlarda uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunmuşdur.
Toplantıda Ağsu Rayon Uşaq Təşkilatının üzvləri və sədri seçilmişdir.
Respublika Uşaq Təşkilatı sədrinin müavini Roza Fərzəliyeva tədbirdə çıxış etmişdir.
Tədbir uşaqların iştirak etdiyi maraqlı konsert proqramı ilə başa çatmışdır.