CƏMİYYƏT
AHİK sədri sanatoriya və müalicə pansionatlarına baxış keçirib
Bakı, 9 avqust, AZƏRTAC
İşçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biri hesab olunur. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır.
AZƏRTAC xəbər verir ki, avqustun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev “Şıx” (dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi), “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Abşeron” mədə-bağırsaq və “Günəşli” nevroloji sanatoriyalarına baş çəkib.
S.Möhbalıyev sanatoriyaların ərazisini gəzib, tibb məntəqələrinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib, pasiyentlərlə söhbət edib, onların müalicə şəraiti ilə maraqlanıb. AHİK sədri, həmçinin müalicə olunan şəxslərin rəy və təkliflərini öyrənib.
Yaradılmış şəraitdən minnətdarlıqlarını ifadə edən insanlar aparılan müalicədən razı qaldıqlarını bildiriblər.
AHİK sədri müalicə mərkəzlərinin rəhbərlərinə bir sıra müvafiq göstəriş və tapşırıqlarını verib.
Jurnalistlərə müsahibəsində həmkarlar ittifaqları üzvlərinin sağlamlığının qorunması və möhkəmləndirilməsinin, onların müalicəsinin təşkilinin Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biri olduğunu bildirən AHİK sədri belə səfərlərin mütəmadi təşkil olunduğunu deyib. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 8 sanatoriyası və bir müalicə pansionatının fəaliyyət göstərdiyini bildirən Konfederasiya sədri sanatoriyalardan altısının ilboyu, ikisinin isə mövsümi işlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün bütün şərait yaradılır.
AHİK-ə aid olan qurumlarda Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və qazilərin müalicəsinin, onların istirahətinin AHİK, onun rəhbərliyi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən Səttar Möhbalıyev bu kateqoriyadan olan şəxslərin müraciətlərinə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb.