DÜNYA
Aİ nazirləri afrikalı miqrantların xilası məsələsini müzakirə etmək üçün toplaşacaq
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 20-də Lüksemburqda növbəti görüşdə Avropa İttifaqı xarici işlər nazirləri Afrikadan gələn miqrantların xilası problemlərini müzakirə edəcəklər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini açıqlama verib. O qeyd edib ki, Avropa artıq bu faciələrə cavab verməlidir. “Bu gün İtaliya sahillərində baş verənlər həmrəylik, insan haqlarına və ləyaqətinə hörmət prinsipləri əsasında qurulan ittifaq üçün qəbuledilməzdir. Biz sərhədlərimizi qorumalı və insan qaçaqmalçıları ilə mübarizə aparmalıyıq”, - deyə o bildirib.
Bu gün Afrikadan İtaliyaya miqrantları daşıyan qayığın batması nəticəsində 700 nəfərin həlak olması haqqında məlumat yayılıb. Bundan əvvəl də 400 afrikalı Aralıq dənizində bataraq həlak olmuşdu. Fransa prezidenti Fransua Olland bu hadisələrlə bağlı təcili olaraq Aİ nazirlərinin iclasının çağırılmasını qeyd etmişdi.