REGİONLAR
Ailə dəyərlərini yad düşüncələrdən qorumaq məişət zorakılığına qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır
Cəlilabad, 21 fevral, Bağır Əliyev, AZƏRTAC
Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad Tibb Kollecində “Məişət zorakılığına qarşı ictimaiyyət arasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” və “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov məişət zorakılığı ilə bağlı Azərbaycanda qəbul edilmiş qanunvericilik aktları barədə məlumat verərək, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan ailə dəyərlərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Z.İsmayılov çıxışında qeyd edib ki, ailə dəyərlərini yad düşüncələrdən qorumaq, tərəflərə qarşılıqlı inam və anlaşmanı, habelə humanizmi aşılamaq məişət zorakılığına qarşı mübarizədə olduqca əhəmiyyətli amillərdən biridir.
Mərkəzin rəhbəri, həmçinin Azərbaycan Ombudsman təsisatının məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxışında bildirib ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə əsas vəzifə kimi müəyyən olunub. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib. Ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Sonda hər iki mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.