REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Goranboyda “açıq qapı” günü keçirib VİDEO
Goranboy, 26 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda dekabrın 26-da kənd icması üçün “açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Təmiz ürək” İctimai Birliyinin təmsilçiləri, Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin rayonun sərhədyanı kəndlərindən olan 60-dan çox ailə iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. önünə gül dəstələri qoyublar.
Komitə sədri Hicran Hüseynova görüşdə çıxış edərək bildirib ki, ailələrin, qadın və uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan maddələrlə qorunur. Azərbaycan dövləti tərəfindən əhalinin aztəminatlı hissəsinə, xüsusən imtiyazlı şəxslərə diqqət və qayğı artırılıb, onların sosial problemlərinin həlli istiqamətində bir sıra proqramlar uğurla icra olunub.
Tədbirdə çıxış edən Goranboy rayonunun sərhədyanı kəndlərinin sakinləri, şəhid ailələri və digər şəxslər Prezident İlham Əliyevə sosial problemlərinin həlli istiqamətində göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Komitə sədri Hicran Hüseynova və qonaqlar balacaların Yeni il tədbirində iştirak ediblər.
Şənlik çərçivəsində altmışdan çox ailəyə bayram payı, 115 uşağa isə hədiyyə təqdim edilib.